Dünya Kitab və Müəlliflik Hüququ Günü ərəfəsində Bakı Kitab Mərkəzində təşkil edilən tədbirə Azərbaycan Respublikası Təhsil Nazirliyi, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Regional İnkişaf” İctimai Birliyi, Firudun bəy Köçərili adına Respublika Uşaq Kitabxanası və Bakı Kitab Mərkəzinin nümayəndələri, layihə iştirakçıları qatılıblar.
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin tərəfindən həyata keçirilən layihə çərçivəsində peşəkar qiraətçilər yerli yazıçılarla yanaşı, dünyanın bir çox ölkələrindən olan müəlliflərin seçilmiş hekayələrini Azərbaycan dilində səsləndiriblər. Məzmunu və yaş aralığı ilk olaraq Azərbaycan Respublikasının Təhsil İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən müsbət qiymətləndirilən hekayələr, daha sonra www.sesliderslik.az saytında və eyniadlı Youtube kanalında yerləşdirilmişdir.
Qeyd edək ki, layihənin məqsədi uşaqlar və gənclər üçün (xüsusilə görmə imkanları məhdud olan) elektron kitabxana yaratmaqdır.