“Mən, atam və oğlum” filmi TV-də yayımlandı

Şuşalı ailənin həyatından bəhs edən “Mən, atam və oğlum” sənədli filminin təqdimatı olub. “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin hazırladığı film İctimai Televiziyanın efirində geniş auditoriyaya nümayiş etdirilib.


Film Bakının Pirşağı qəsəbəsində keçmiş məcburi köçkünlərin kompakt məskulaşdığı “Lokomotiv” şəhərciyində ailəsi ilə birlikdə yaşayan tar müəllimi Anar Əlizadə haqqındadır. Şuşa işğal olunanda 5 yaşlı Anar atasının qucağında ailəsi ilə birlikdə Bakıya pənah gətirib. Otuz il sonra Anar kiçik yaşlı oğlu Məhəmməd və atası Etibar ilə Novruz bayramı ərəfəsində Şuşaya qayıdıb.


Sənədli filmdə bir şuşalı ailənin taleyi, bu illər ərzində onların yaşadıqları acılar, nisgillər və bir gün Şuşaya qayıdacaqları ilə bağlı illər uzunu etdikləri arzuların nəhayət çin olması öz əksini tapıb.


Filmin ərsəyə gəlməsində İlkin Mehtiyev (operator), Zaur Sultan (dron çəkilişi), Arzum Nuruşzadə (montaj), Zəka Quluyev (rejissor) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.Filmin tam versiyasına “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin rəsmi YouTube səhifəsində baxmaq olar.


Film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin icra etdiyi “Oxu Tar!” adlı Şuşaya qayıdışa həsr olunan sənədli film layihəsi çərçivəsində hazırlanıb.

Date: 28.03.2022, 89 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi